Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
2016-cı ilin aprel ayında baş verən və tarixə Aprel döyüşləri kimi düşən hərbi toqquşmalar Azərbaycan tarixində mühüm dönüş nöqtələrindən biri hesab olunur. Bu hadisələr yalnız hərbi uğur deyil, həm də siyasi, psixoloji və strateji baxımdan ölkənin mövqeyini gücləndirən mühüm mərhələ olmuşdur.
İlk növbədə, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və döyüş qabiliyyətini nümayiş etdirdi. Uzun illər davam edən atəşkəs rejimi fonunda bu döyüşlər göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün real hərbi imkanlara malikdir. Qısa müddət ərzində ordunun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Lələtəpə yüksəkliyi kimi bir sıra strateji yüksəkliklər və yaşayış məntəqələri azad edildi.
Bu döyüşlər Azərbaycan xalqının milli ruhunu yüksəltdi. Azərbaycan cəmiyyətində vətənpərvərlik hissi daha da gücləndi, xalq və ordu arasındakı birlik möhkəmləndi. Şəhidlərin qəhrəmanlığı və əsgərlərin fədakarlığı gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirdi. Aprel döyüşləri göstərdi ki, Azərbaycan xalqı öz torpaqları uğrunda mübarizəyə hər zaman hazırdır.
Siyasi baxımdan isə beynəlxalq ictimaiyyət bir daha Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalmasının region üçün təhlükə yaratdığını gördü. Azərbaycan tərəfi sübut etdi ki, status-kvo qəbuledilməzdir və münaqişənin dondurulmuş vəziyyətdə qalması mümkün deyil. Bu isə sonrakı diplomatik proseslərə öz təsirini göstərdi.
Aprel döyüşləri həmçinin gələcək böyük qələbənin – 2020-ci ildə baş verən Vətən müharibəsinin və böyük Zəfərin müjdəçisi, “sınaq mərhələsi” kimi qiymətləndirilir. Bu döyüşlər zamanı əldə olunan təcrübə, taktiki yanaşmalar və ordunun özünəinamı sonrakı hərbi əməliyyatlarda mühüm rol oynadı.
Aprel döyüşlərində 1994-cü ildən sonra Azərbaycan tərəfi ilk dəfə işğal olunmuş ərazilərdə uğur qazandı. Ancaq qazanılan uğurlar heç də asan əldə olunmadı; bu nailiyyətlər vətən uğrunda canını fəda edən igid oğulların qanı və həyatı bahasına başa gəldi. 2016-cı ilin aprelində cəbhə xəttində baş verən ağır və gərgin döyüşlər zamanı Azərbaycan Ordusu 89 şəhid verdi. Bu itkilər hər bir Azərbaycan ailəsi üçün böyük kədər, eyni zamanda sonsuz qürur mənbəyi oldu. Şəhidlər Vətən torpağının müqəddəsliyi uğrunda canlarını qurban verərək xalqın yaddaşında əbədiyaşarlıq qazandılar.
Bu qəhrəmanlar sırasında Şəki torpağının yetirdiyi üç igid – Elnur İsgəndərov, Orxan Hümmətov və Vüqar Süleymanov da var. Bu gün onların şəhadətə ucalmasından on il keçir. Ancaq on il onları unutdurmaq əvəzinə Azərbaycan xalqı üçün daha da əziz, daha da doğma edir. On il öncə onları tanıyan, sevən təkcə ailələri, doğmaları olduğu halda bu gün bütöv bir xalq, milyonlarla azərbaycan vətəndaşıdır.
2016-cı il Aprel döyüşləri zamanı, 27 yaşında şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Elnur İsgəndərovun ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda” medalı 21 may 2016-cı il tarixində onun yeganə övladı, 6 aylıq oğlu Elman İsgəndərovun sinəsindən asılmışdı. Bu gün isə həmin körpə böyüyüb atasının layiq övlad kimi yetişir.
1 iyun 1989-cu il tarixdə Şəkidə, müəllim ailəsində anadan olmuş Elnur İsgəndərov atasının çalışdığı Şəki şəhər 11 saylı tam orta məktəbdə təhsil həyatına başlayıb, 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən müdvim olmuşdur.
2010-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin xüsusi təyinatlılar bölməsində xidmətə başlayan Elnur İsgəndərov 2016-cı il aprelin 2-də, döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub. Aprelin 11-də onun cənazəsi əllərində Azərbaycan bayraqları daşıyan böyük bir izdihamın “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları altında dəfn olunub. Elnurun qəbri dəfn olunduğu qəbristanlıqda ilk şəhid məzarı idi.
2020-ci ildə Vətən müharibəsi zamanı Şəkinin ilk şəhidi yenə də 11 saylı orta məktəbin məzunu – Elşən İbrahimov idi. Elşən də eyni qəbristanlıqda dəfn olundu. Onun ardınca isə məzarlar bir-bir artdı. Bu gün artıq həmin qəbristanlıq “Şəhidlər” kimi tanınır. Vətən uğrunda canlarını fəda etmiş igidlər yan-yana uyuyur.
Şəkinin ikinci Aprel şəhidi –gizir Orxan Hümmətov (1992–2016) 4 noyabr 1992-ci il tarixində Şəki rayonunun Kiş kəndində anadan olub. 2 aprel 2016-cı il tarixində — 23 yaşında, Azərbaycan – Ermənistan təmas xəttində baş vermiş döyüşdə qəhrəmancasına həlak olub. Aprelin 5-də anadan olduğu Kiş kəndində dəfn edilib. Ölümündən sonra III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.
20 yanvar 1993-cü il tarixdə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olmuş əsgər Vüqar Süleymanov da Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuşdur. 2015-ci ildə Bakı Slavyan Universitetini bitirmiş Vüqar Vətənə olan borcunu ödəmək üçün hərbi xidmətə yollanmışdı. 23 yaşında şəhid oldu. Arzuları yarımçıq qaldı. Arzuları yarımçıq qalmış bütün şəhidlər kimi.
Ancaq onların yarımçıq qalmış arzuları bütöv bir xalqın, millətin arzularının gerçəkləşməsinə səbəb oldu. Aprel döyüşlərinin müjdəçisi olduğu zəfər əldə olundu. Azərbaycan öz torpaqlarının suverenliyini bərpa etdi. Bu gün Aprel döyüşlərinin on illiyini qürur və fəxrlə qeyd edirik. Çünki, torpaq-əgər uğrunda ölən varsa, Vətəndir!
Zəminə Rəsulova, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin elmi işçis



2 Aprel 2026, 19:19 - 43
Paylaş: