Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
İndi hamıdan təbrik gözləyirdi Nihad – çünki o, ən ali məqama, şəhidlik zirvəsinə ucalmışdı və hər kəs onu təbrik etməliydi. Axı o, hər zaman bunu arzulamışdı: “O gün olsun, şəhidliyimi qeyd edəsiniz” – deyə hamını bu günə hazırlamışdı. İndi isə hamı bir ağızdan: “Şəhadətin mübarək olsun, şəhidim!” – deyə onu təbrik etməliydi...
Vətən – insanın kimliyini müəyyənləşdirən, ruhuna güc, qəlbinə ilham verən müqəddəs anlayışdır. O, yalnız üzərində yaşadığımız torpaq deyil, minilliklər boyu tariximizin hər səhifəsində qəhrəmanlıqla qorunmuş müqəddəs dəyərdir. Vətən bizə dilimizi, adət-ənənələrimizi, milli kimliyimizi, azad düşüncəmizi bəxş edir. Ona görə də hər bir azərbaycanlı üçün Vətən müqəddəsdir, əzizdir və ən böyük fəxr mənbəyidir.
Tarix boyu xalqımız saysız-hesabsız ağır sınaqlardan keçmiş, işğal və təcavüzlə üz-üzə qalmış, lakin hər dəfə Vətən sevgisi, torpaq uğrunda fədakarlığı və dönməz iradəsi ilə qalib gəlmişdir. Bu torpaqların hər qarışı şəhid qanı ilə sulanmış, igid oğul və qızlarımızın qəhrəmanlığı ilə qorunmuşdur. Məhz buna görə də Vətən bizim üçün sadəcə doğma yurd deyil, həm də azadlıq, şərəf və qürur rəmzidir.
Bu gün də azadlıq və müstəqilliyimizi qoruyan, sərhədlərimizi sipər edən, düşmən qarşısında yenilməz iradə nümayiş etdirən qəhrəmanlarımız sayəsində biz güclü dövlət, qürurlu millət kimi mövcuduq. Onların fədakarlığı bizə sabahımıza inam, gələcəyimizə güvən bəxş edir. Vətəni sevmək – onu qorumaq, ucalığını, bütövlüyünü və şərəfini hər zaman yaşatmaq deməkdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, qətiyyət və qəhrəmanlıq nümayiş etdirərək 27 sentyabr 2020-ci ildən başlayaraq 44 gün ərzində torpaqlarımızı işğaldan və düşmən tapdağından azad etdi. Bu Zəfər yürüşü yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də xalqımızın azadlıq, müstəqillik və dövlətçilik ideallarının təntənəsi oldu.
Vətən Müharibəsində tarix yazan qəhrəman ordumuz, igid əsgər və zabitlərimiz yalnız silah gücü ilə deyil, həm də döyüş ruhu, əsl vətənpərvərlik və fədakarlıq nümunəsi göstərərək Azərbaycanın haqq uğrunda mübarizə aparmaq iradəsini bütün dünyaya nümayiş etdirdilər. Onların iradəsi və şücaəti sübut etdi ki, xalq və dövlət bir olduqda qarşısında heç bir güc dayana bilməz.
Bu mübarizə hər bir azərbaycanlının ürəyində qürur, gələcək nəsillərin yaddaşında isə əbədi qəhrəmanlıq dastanı kimi yaşayacaq. Şəhidlərimizin müqəddəs qanı ilə yoğrulan bu zəfər, yalnız bir qələbə deyil, həm də milli ruhun yenilməzliyinin, birliyin gücünün və dövlətçilik ənənələrinin əbədi təntənəsidir.
44 günlük Vətən Müharibəsi göstərdi ki, Azərbaycan Ordusu təkcə hərbi qüdrəti ilə deyil, həm də mənəvi dəyərlərə sadiqliyi, Vətən sevgisi və xalqın dəstəyi ilə mübarizəni qalibiyyətlə başa çatdırdı. Bu qələbə xalqımızın tarixində silinməz iz qoyaraq, gələcək nəsillərə milli şüurun, birlik və həmrəyliyin əbədi simvolu kimi ötürüləcəkdir.
Onların arasında xüsusi hazırlığı, peşəkarlığı və qəhrəmanlığı ilə seçilənlərdən biri də Vətən Müharibəsi Qəhrəmanı, kapitan Nihad Akif oğlu Babayevdir.
1991-ci il avqustun 30-da Biləsuvar rayonunun Günəşli kəndində dünyaya göz açan Nihad Babayev hələ gənc yaşlarından hərbi sahəyə böyük maraq göstərmişdir. O, 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə, daha sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə qəbul olunmuşdur. 2012-ci ildə leytenant rütbəsi ilə hərbi xidmətə başlayan Nihad Babayev qısa zamanda xüsusi təyinatlı qüvvələrin peşəkar kəşfiyyatçılarından birinə çevrilmişdir.
Türkiyədə snayper hazırlığı, Gürcüstanda dağadırmanma üzrə kurs keçən Nihad Babayev həm də dil bilikləri ilə seçilirdi: o, erməni, ingilis və rus dillərinə bələd idi. Xidmət etdiyi müddətdə göstərdiyi yüksək hazırlıq onun gələcəkdə böyük əməliyyatlarda iştirakına zəmin yaratdı.
Nihad Babayevin ilk genişmiqyaslı döyüş təcrübəsi 2018-ci ildə Naxçıvanda keçirilən “Günnüt əməliyyatı” zamanı oldu. Atası Akif Babayevin xatırladığı kimi, Nihad günlərlə eyni mövqedə gizlənərək əməliyyat zamanı düşmən mayorunu snayperlə zərərsizləşdirmişdi. Bu əməliyyat nəticəsində Azərbaycan Ordusu 11 min hektarlıq ərazini işğaldan azad etmişdi.
Şəhidin atası Akif kişi danışır ki, oğlunun kəşfiyyatçı kimi xidmətləri çox olub. Lakin ilk genişmiqyaslı hərbi təcrübəsini 2018-ci ildə Naxçıvanda keçirilən “Günnüt əməliyyatı” zamanı qazanıb. “Özü sonralar danışırdı, deyirdi: Ata, üç gün eyni mövqedə uzanıb gözlədim. Erməni mayorun maşını gəlib keçəndə onu snayperlə vurdum”.
2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi zamanı kapitan Nihad Babayev artıq Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrində hərbi hissə komandirinin müavini idi. Komandanlıq onu Naxçıvanda saxlamaq istəsə də, Nihad israrla ön cəbhəyə getmək üçün raport yazmış və oktyabrın 3-dən etibarən döyüşlərə qatılmışdı.
O, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan uğrunda döyüşlərdə iştirak edərək müxtəlif qruplara komandanlıq etmişdir. Kapitan Babayev həm avtomat, həm də zirehli texnika əleyhinə silahlarla düşmənə qarşı vuruşmuş, dəfələrlə şəxsi igidliyi ilə seçilmişdir.
Oktyabrın 29-da Füzulinin Yuxarı Veysəlli kəndi yaxınlığındakı Uryandağ yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Döyüş yoldaşlarının xatirələrinə görə, o, yaralı hərbçini qorumaq üçün irəli atılmış, təkbaşına düşmənə qarşı vuruşaraq son anadək mübarizə aparmışdır. Elə həmin vaxt düşmən snayperi tərəfindən vurulmuş və şəhidlik zirvəsinə ucalmışdır. Şəhid atası Akif Babayevin sözlərinə görə, oğlu yaralansa da, bir neçə dəqiqə döyüşü davam etdirə bilib: “Nihad peşəkar snayper idi. Həmişə söhbət edəndə yarızarafat, yarıciddi deyirdi ki, məni adi silahla öldürmək mümkün deyil, məni ancaq snayper vura bilər. Elə dediyi kimi də oldu...”
Kapitan Nihad Babayevin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra bir sıra orden və medallarla təltif olunmuşdur:
“Vətən Müharibəsi Qəhrəmanı” medalı (09.12.2020)
“Vətən uğrunda” medalı (15.12.2020)
“Xocavəndin azad olunmasına görə” medalı (25.12.2020)
“Füzulinin azad olunmasına görə” medalı (24.06.2021)
Həmçinin 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunmuşdur.
Onun əziz xatirəsini yaşatmaq məqsədilə 2021-ci ildə Biləsuvar rayonunun Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinə Nihad Babayevin adı verilmişdir.
Nihad Babayevin həyatı və döyüş yolu Azərbaycan gənclərinə vətənpərvərlik, igidlik və fədakarlıq nümunəsidir. O, yalnız peşəkar hərbçi deyil, həm də şəhidlik zirvəsinə ucalaraq xalqın yaddaşında əbədi qalacaq qəhrəmandır.
Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azadlığına qovuşmuş torpaqlarımız bərpa olunur, dirçəldilir. İşğal illərinin ağır yaraları tədricən sağaldılır, illərlə viran qoyulmuş kənd və şəhərlərimiz həyat nəfəsi ilə dolur. Qırx dörd günlük Zəfərlə geri qayıdan Qarabağ torpaqları indi tikinti səsi, quruculuq əzmi və vətən eşqi ilə dirçəlir.
İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. O müqəddəs torpaqlar ki, illərlə nisgilimiz, həsrətimiz olub – bu gün üçrəngli bayrağımızın kölgəsindədir. Qalaların ucalığı, dağların əzəməti, bulaqların saflığı artıq yenidən Azərbaycan nəfəsi ilə yaşayır.
Torpağın əsl sahibləri – qəhrəman övladlarımızın qanı bahasına qayıdan xalq – doğma yurduna dönüb. Əllərində üçrəngli bayraq, ürəklərində sarsılmaz Vətən sevgisi ilə o torpaqlara addım atan hər kəs həm şəhidlərin ruhunu yaşadır, həm də gələcəyin Qarabağını qurur. Bu qayıdış sadəcə bir köç deyil, əsrlərin həsrətinə son qoyan möhtəşəm dönüş, milli qürurun, tarixi ədalətin bərpasıdır.
Qarabağ artıq azərbaycanlıların sabahı, ümid və gələcək nəsillərin vətən məktəbidir. Bu müqəddəs diyar hər birimiz üçün tükənməz ilham, milli ruhun qaynağıdır. Burada hər daş, hər bulaq, hər sıldırım qaya qəhrəmanlığımızın izlərini daşıyır, hər qarış torpaq şəhidlərimizin müqəddəs qanı ilə yoğrulmuş bir and yeri, əmanət məkanıdır. Qarabağ yalnız coğrafi ərazi deyil, həm də xalqımızın yaddaşı, tariximizin canlı şahididir.
Bu torpaqlar üzərində inşa edilən yeni həyat gələcək nəsillərə həm qürur, həm də məsuliyyət hissi aşılayacaq. Bu yurd hər bir azərbaycanlıya öyrədəcək ki, Vətəni sevmək – onu qorumaq, Vətəni qorumaq – onu yaşatmaq, yaşatmaq isə gələcək nəsillərə bütöv və şərəfli miras qoymaq deməkdir.
Burada ucaldılacaq hər bir ev, salınacaq hər bir yol, bərpa olunacaq hər bir abidə xalqımızın həm gücünün, həm də birliyinin rəmzinə çevriləcək. Qarabağ sabahın nəsillərinə yalnız gözəllik və zənginlik deyil, həm də qürurlu bir tarix, fədakarlığın ən ali nümunəsini miras qoyacaq.
Qarabağ bizim varlığımızın, milli kimliyimizin ayrılmaz parçasıdır. Bu torpaqlar üzərində qurulan həyat gələcək nəsillərə daim xatırladacaq ki, azadlıq, müstəqillik və torpaq sevgisi əbədi dəyərlərdir və onları qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur.
Günay Rzaeva