Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet totalitar sisteminin mahiyyəti bütün çılpaqlığı ilə üzə çıxdı. Keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusunun çoxsaylı hərbi birləşmələri Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına yeridildi. Silahsız, dinc əhali ağır texnika və müasir silahların hədəfinə çevrildi, onlarla insan gecənin qaranlığında amansızcasına qətlə yetirildi, yüzlərlə vətəndaş yaralandı, bir çoxu isə ömürlük şikəst oldu. Bu hadisə Azərbaycanın müasir tarixində təkcə ən qanlı faciə deyil, həm də milli şərəf və ləyaqət salnaməsi kimi yer aldı. 20 Yanvar hadisələri mahiyyət etibarilə sıradan hərbi əməliyyat deyildi. Bu, azadlıq və suverenlik tələb edən bir xalqın iradəsini zor gücü ilə sındırmaq cəhdi idi. Hərbi vəziyyət elan edilmədən həyata keçirilən bu hücum beynəlxalq hüququn və humanizm prinsiplərinin kobud şəkildə tapdanması demək idi. Faciə zamanı həlak olanlar arasında qadınlar, uşaqlar, ahıllar, hətta yaralılara yardım etməyə çalışan təcili tibbi yardım əməkdaşları da vardı. Bu faktlar 20 Yanvar hadisələrinin insanlığa qarşı cinayət kimi qiymətləndirilməsini tam əsaslandırır. Lakin sovet rəhbərliyinin məqsədi – xalqı qorxutmaq və milli azadlıq hərəkatını boğmaq – baş tutmadı. Əksinə, bu qanlı gecə Azərbaycan xalqının sovet imperiyasına olan son ümidlərini də darmadağın etdi və müstəqilliyə aparan yolun geri dönüşü olmayan mərhələsini başlatdı.
20 Yanvar faciəsinə ilk və ən prinsipial siyasi-hüquqi qiymətin məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verilməsi Azərbaycan tarixində müstəsna əhəmiyyət daşıyır. Hələ sovet totalitar sisteminin bütün təzyiqlərinə baxmayaraq, faciədən bir gün sonra – 1990-cı il yanvarın 21-də Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək açıq şəkildə SSRİ rəhbərliyini ittiham etməsi böyük siyasi cəsarət və vətəndaşlıq mövqeyi idi. O, 20 Yanvar hadisələrini hüquqa, demokratiyaya və humanizmə zidd olan, mərkəzi hakimiyyətin və o zamankı respublika rəhbərliyinin xəyanəti nəticəsində törədilmiş ağır siyasi cinayət kimi qiymətləndirdi, günahsız insanların qətlə yetirilməsinə görə məsul şəxsləri cinayətkar adlandırdı və baş verənləri bütöv bir xalqa qarşı həyata keçirilmiş tarixi divan kimi səciyyələndirdi. Ulu Öndərin “ədalət naminə, Azərbaycan xalqının namusunu, şərəfini və milli mənliyini qorumaq naminə” səsləndirdiyi bu mövqe Kremlin informasiya blokadasına baxmayaraq bütün dünyaya yayıldı və xalqın qəlbində ümid işığı yandırdı. Heydər Əliyev eyni zamanda Bakıya əlavə ordu hissələrinin yeridilməsinin əsassız olduğunu faktlarla sübut edərək SSRİ rəhbərliyindən rəsmi izahat tələb etdi, bu qərara görə ilk növbədə Azərbaycanı tərk etmiş o zamankı respublika rəhbərliyinin xalq qarşısında məsuliyyət daşıdığını bəyan etdi. Onun təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən tarixi qərarın qəbul edilməsi Ulu Öndərin qətiyyətinin növbəti təzahürü oldu və bu sənəddə respublika səviyyəsində faciəyə rəsmi qiymətin verilməsi açıq şəkildə tələb edildi. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinin əsl mahiyyəti hüquqi müstəvidə tam şəkildə açıldı və 1994-cü il martın 29-da Milli Məclis səviyyəsində qəbul edilən qərarla bu qanlı aksiya totalitar kommunist rejimi tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Bununla yanaşı, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldı, Şəhidlər Xiyabanında “Əbədi məşəl” memorial kompleksi ucaldıldı, “20 Yanvar şəhidi” fəxri adı təsis olundu və bu ailələrə dövlət qayğısı sistemli xarakter aldı. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə vurğuladığı kimi, 20 Yanvar həm xalqımızın ən faciəli, həm də ən şərəfli tarixidir və bu gün zaman keçdikcə həmin hadisələrin Azərbaycan xalqının taleyində nə qədər həlledici rol oynadığı daha aydın dərk olunur.
Prezident İlham Əliyev də öz çıxışlarında 20 Yanvar hadisələrini sovet rejiminin törətdiyi ağır cinayət kimi qiymətləndirir, şəhidlərin xatirəsinin daim uca tutulmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirir. Dövlət başçısının tapşırıqları ilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və diaspor təşkilatları bu faciənin beynəlxalq miqyasda tanıdılması üçün ardıcıl fəaliyyət göstərirlər. Xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra 20 Yanvar şəhidlərinin də ruhunun şad olduğu vurğulanır – çünki onların canı bahasına arzuladığı müstəqil və suveren Azərbaycan bu gün daha güclüdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 20 Yanvar faciəsi bizim həm kədərimiz, həm də qürurumuzdur. O gün Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, azadlıq ideyasını tanklarla əzmək mümkün deyil. Bu tarix xalqımızın milli iradəsinin sarsılmazlığını təsdiqləyən əbədi yaddaş dərsidir. 20 Yanvar faciəsi yalnız qanlı repressiya aktı kimi deyil, Azərbaycan xalqının azadlıq iradəsinin sarsılmazlığını, milli özünüdərkin oyanışını və müstəqil dövlətçilik yolunda geri dönüşü olmayan tarixi mərhələni təsdiqləyən şərəfli mübarizə salnaməsi kimi yaddaşlarda əbədi yaşayır.
Samirə Adəm qızı Hüseynova
17 Yanvar 2026, 16:59 - 3259
Paylaş: