"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Samirə Hüseynova: Həmrəylik günü milli birlik rəmzidir


Xalqların tarixi inkişafı onların milli taleyini formalaşdıran mürəkkəb və sınaqlarla dolu mərhələlərdən keçir. Məhz bu sınaqlardan üzüağ çıxan xalqlar qazandıqları qələbələri, milli dirçəlişi və birlik ruhunu yaşatmaq, gələcək nəsillərə ötürmək üçün həmin günləri bayram kimi qeyd edirlər. Qaranlıqdan işığa çıxışın bəxş etdiyi mənəvi rahatlıq, özünəinam və qürur hissi bu bayramların əsas mahiyyətini təşkil edir. 1991-ci ildən etibarən dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması da xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq tarixə düşmüşdür. Bu bayram dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında əlaqələrin möhkəmlənməsində, birlik və həmrəyliyin təmin olunmasında müstəsna rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, milli-mənəvi dəyərlərimizə hörmət və Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən ən mühüm bayramlardan biridir. Bu əlamətdar gün Azərbaycan xalqının tarixi yaddaşında milli şüurun, dövlətçilik ideyalarının və ümummilli həmrəyliyin rəmzi kimi xüsusi yer tutur. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyi ideyasının əsasını məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmətin təşkil etdiyini xüsusi vurğulamışdır. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təşəbbüskarı və təşkilatçısı olan Ulu Öndər Heydər Əliyev xarici səfərləri zamanı proqramının gərginliyinə baxmayaraq, daim soydaşlarımızla görüşlərə xüsusi önəm verir, onların problem və qayğıları ilə yaxından maraqlanır, təşkilatlanmanın gücləndirilməsi istiqamətində dəyərli tövsiyələrini əsirgəmirdi. Məhz bu məqsədyönlü siyasət nəticəsində dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsi mümkün olmuşdur.
Bu siyasi xətt bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmiş, diaspor quruculuğu sahəsində dövrün tələblərinə cavab verən genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” 8 fevral 2006-cı il tarixli Sərəncamına əsasən Bakıda keçirilmiş qurultay xaricdə yaşayan soydaşlarımızın diaspordan güclü lobbi strukturlarına çevrilməsi istiqamətində mühüm mərhələ olmuşdur. Bu proses nəticəsində Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işi yeni keyfiyyət mərhələsinə yüksəlmişdir. Diaspor təşkilatlarının daha mütəşəkkil fəaliyyət göstərməsində Dünya Azərbaycanlılarının I Qurultayında yaradılmış Əlaqələndirmə Şurasının fəaliyyəti və 2008-ci ildə “Dünya Azərbaycanlılarının Xartiyası”nın qəbulu xüsusi əhəmiyyət daşıyır. Bu sənədlər dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsinə, tarixi Vətənlə əlaqələrin daha da gücləndirilməsinə və diaspor potensialının real güc amilinə çevrilməsinə xidmət etmişdir. Bütün bunlar müstəqil Azərbaycanın dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu bir daha təsdiqləmişdir. 2022-ci il aprelin 22-də azad Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı isə tarixə qızıl hərflərlə yazılmışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu Qurultayın məhz Zəfər Qurultayı adlandırılması tamamilə təbii idi. Çünki İkinci Qarabağ müharibəsində qazanılan tarixi Qələbə, separatizmin kökünün kəsilməsi və ərazi bütövlüyümüzün bərpası bütün dünya azərbaycanlılarını vahid amal ətrafında birləşdirmişdir. Şuşada keçirilən bu mötəbər toplantı həmrəyliyin, milli qürurun və dövlət gücünün parlaq təcəssümünə çevrilmişdir.
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan diasporu üçün ən əlamətdar bayramlardan biridir. Artıq bu bayramı təkcə milliyyətcə azərbaycanlı olanlar deyil, eyni zamanda Azərbaycanda doğulub böyümüş, bu torpağa mənəvi bağlılığı olan insanlar da böyük ehtiramla qeyd edirlər. Həmrəylik günü milli birlik, Azərbaycana sevgi, milli-mənəvi dəyərlərə hörmət və Vətənə sədaqət hisslərinin rəmzinə çevrilmişdir. İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər, antiterror əməliyyatları və dövlətimizin gücünün bərpası dünya azərbaycanlılarını “Dəmir yumruq” ətrafında birləşdirdi. Bu gün “Dəmir yumruq” yalnız hərbi gücün deyil, eyni zamanda milli birliyin və həmrəyliyin simvoludur. Müstəqil Azərbaycanla fəxr edən dünya azərbaycanlıları bu günü artıq qalib xalqın nümayəndələri kimi yüksək ruhla qeyd edirlər.

Samirə Adəm qızı Hüseynova

30 Dekabr 2025, 8:57 - 138

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar