"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Samirə Hüseynova: "Azərbaycan–Serbiya: enerji təhlükəsizliyindən geniş əməkdaşlığa"


Azərbaycan ilə Serbiya arasında münasibətlər müasir dövrdə regional əməkdaşlığın ən uğurlu nümunələrindən biri kimi dəyərləndirilə bilər. Bu əlaqələr təkcə diplomatik münasibətlər çərçivəsində deyil, həm də siyasi etimad, iqtisadi maraqların uzlaşdırılması və beynəlxalq müstəvidə qarşılıqlı dəstək prinsipləri üzərində qurulmuşdur. İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı səsləndirdiyi “biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik” fikri isə bu münasibətlərin strateji dərinliyini və davamlı xarakterini ifadə edən mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Bu ifadə ilk növbədə onu göstərir ki, iki ölkə arasında əməkdaşlıq təsadüfi və ya situativ xarakter daşımır. Əksinə, münasibətlər sistemli inkişaf xətti üzrə irəliləyir və uzunmüddətli perspektivə hesablanıb. Dövlət başçıları arasında formalaşmış şəxsi etimad və açıq dialoq mühiti əlaqələrin sürətlə və effektiv şəkildə inkişaf etməsinə imkan yaradır. Müasir beynəlxalq münasibətlər sistemində liderlərarası diplomatiya mühüm rol oynayır və Azərbaycan–Serbiya əlaqələri bu baxımdan uğurlu model hesab oluna bilər.
Azərbaycan ilə Serbiya arasında imzalanmış mühüm sənədlər – 2013-cü ildə Bakıda qəbul edilən Strateji tərəfdaşlıq haqqında Bəyannamə, 2018-ci ildə təsdiqlənən Birgə Fəaliyyət Planı və 2022-ci ildə Belqradda Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum – münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirmişdir. Bu sənədlər siyasi dialoqun, iqtisadi əməkdaşlığın və energetika sahəsində tərəfdaşlığın uzunmüddətli perspektivini müəyyən edir. Prezidentin gələcək görüşlərə işarə etməsi isə bu sənədlərin kağız üzərində qalmayacağını, konkret və praktiki nəticələrə yönələcəyini göstərir.
Fevralın 15-də Azərbaycan Prezidentinin Serbiyaya rəsmi səfəri və səfər çərçivəsində verdiyi bəyanatlar münasibətlərin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışında vurğuladığı kimi, Serbiya xalqı bütün dövrlərdə öz dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərmişdir. O qeyd etmişdir ki, Serbiyanın Prezidenti dövlət maraqlarını hər şeydən üstün tutur və məhz bu yanaşma nəticəsində Serbiya uğurla inkişaf edir, beynəlxalq müstəvidə hörmət qazanır, iqtisadi və sosial sahədə genişmiqyaslı islahatlar həyata keçirir. Serbiyanın təbii resurslara malik olmamasına baxmayaraq, aparılan islahatlar nəticəsində əlverişli investisiya mühiti formalaşdırılmış, xarici investorlar üçün cəlbedici şərait yaradılmışdır. Azərbaycanın bu prosesdə fəal iştirakı iki ölkə arasında iqtisadi etimadın yüksək səviyyədə olduğunu göstərir. Azərbaycanın Serbiyaya təbii qaz ixracına başlaması və ixrac həcminin artırılması barədə qəbul edilən qərarlar enerji əməkdaşlığının real nəticələrini ortaya qoyur. Azərbaycan qazının Serbiyada elektrik enerjisinə çevrilməsi həm daxili tələbatın ödənilməsi, həm də gələcək ixrac imkanları baxımından mühüm əhəmiyyət kəsb edir.
Hazırda Azərbaycanın enerji ixrac potensialının 2 giqavat səviyyəsində olması və 2032-ci ilə qədər əlavə 8 giqavat gücün yaradılmasının planlaşdırılması ölkənin Avropanın enerji təhlükəsizliyində rolunu daha da artıracaq. Bütün bunlar göstərir ki, Azərbaycan–Serbiya münasibətləri qarşılıqlı hörmət, strateji baxış və uzunmüddətli əməkdaşlıq prinsipləri əsasında inkişaf edir və gələcəkdə daha geniş miqyas alacağı şübhə doğurmur.

Hüseynova Samirə Adəm qızı

17 Fevral 2026, 13:01 - 105

Paylaş: