Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Qadınlar və QİÇS: Sağlam Gələcək Naminə” layihəsi çərçivəsində maarifləndirici təlimlər uğurla yekunlaşıb
“Qadınlar və QİÇS: Sağlam Gələcək Naminə” layihəsi çərçivəsində təşkil olunan maarifləndirici təlimlər 15 və 16 iyun tarixlərində gənc xanımlar arasında keçirilən sonuncu görüşlərlə uğurla yekunlaşıb. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və AIDS-lə Mübarizə İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Tədbiri layihə rəhbəri Gülnar Nəsibli açıq elan edərək iştirakçıları salamlayıb. O, layihənin məqsədləri, görülən işlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. Gülnar Nəsibli çıxışında qeyd edib ki, layihənin əsas məqsədi gənc qadınlar arasında HİV/QİÇS haqqında məlumatlılıq səviyyəsini artırmaq, sağlam həyat tərzini təşviq etmək, erkən profilaktikanın əhəmiyyətini izah etmək və cəmiyyətdə bu mövzu ilə bağlı mövcud stereotiplərin aradan qaldırılmasına töhfə verməkdir. O, həmçinin AIDS-lə Mübarizə İctimai Birliyinin fəaliyyət istiqamətləri, həyata keçirdiyi sosial və maarifləndirici layihələr haqqında iştirakçılara geniş məlumat təqdim edib.
Tədbirdə çıxış edən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Murad Həsənxanlı layihənin cəmiyyət üçün əhəmiyyətindən danışıb. O vurğulayıb ki, gənclərin sağlamlıq mövzusunda düzgün məlumatlandırılması gələcək nəslin sağlam inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Murad Həsənxanlı belə təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd edərək iştirakçılara təhsil və şəxsi inkişaf yollarında uğurlar arzulayıb.
Təlimin əsas məruzəçilərindən biri olan Elmi-Tədqiqat və Tibbi Profilaktika İnstitutunun həkim-infeksionisti Arzu Pənahova HİV infeksiyasının yaranma səbəbləri, inkişaf mərhələləri, yoluxma yolları, profilaktika tədbirləri və risk qrupları barədə geniş təqdimatla çıxış edib. O, iştirakçıların çoxsaylı suallarını cavablandıraraq HİV və QİÇS anlayışları arasındakı fərqləri izah edib, erkən diaqnostikanın və müntəzəm tibbi müayinələrin əhəmiyyətini vurğulayıb. Həkim həmçinin müasir müalicə imkanları və HİV-lə yaşayan insanların normal həyat sürə bilmələri haqqında məlumat verib.
Təlim çərçivəsində Pozitiv Psixologiya Mərkəzinin psixoloqları Elşən İsmayılov və Mədinə Hacılı tərəfindən psixoloji dəstək mövzusunda sessiya keçirilib. Psixoloqlar HİV-lə yaşayan şəxslərin qarşılaşdıqları stiqma, ayrı-seçkilik, sosial təcrid və qorxu hisslərinin onların psixoloji vəziyyətinə təsirindən bəhs ediblər. Bildirilib ki, cəmiyyətin düzgün məlumatlandırılması və empatiyanın artırılması bu şəxslərin sosial inteqrasiyasına mühüm töhfə verə bilər. İnteraktiv müzakirələr zamanı iştirakçılar öz fikirlərini bölüşərək mövzu ətrafında fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Fatimə Hüseynova iştirakçılar adından çıxış edərək layihənin faydalılığını vurğulayıb. O qeyd edib ki, təlimlər zamanı əldə etdiyi biliklər onun HİV/QİÇS haqqında məlumatlarını genişləndirib, bu mövzuda mövcud yanlış təsəvvürlərin aradan qalxmasına kömək edib. Fatimə Hüseynova layihənin təşkilatçılarına təşəkkürünü bildirərək bu cür maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyini qeyd edib.
Qeyd edək ki, layihə müddətində müxtəlif yaş qruplarından olan qadın və gənc xanımlar üçün maarifləndirici görüşlər təşkil olunub, iştirakçılar HİV/QİÇS-in profilaktikası, sağlam həyat tərzi, psixoloji dəstək və sosial inteqrasiya mövzularında ətraflı məlumat əldə ediblər. Layihənin əsas məqsədi cəmiyyətdə sağlamlıq mədəniyyətinin formalaşdırılmasına, HİV/QİÇS-lə bağlı məlumatlılığın artırılmasına və ayrı-seçkiliyin azaldılmasına töhfə vermək olub.
Təlimlərin sonunda iştirakçılara məlumatlandırıcı materiallar təqdim olunub və xatirə şəkilləri çəkdirilib. Layihənin yekun nəticələri göstərir ki, maarifləndirmə tədbirləri iştirakçıların mövzu ilə bağlı biliklərinin artırılmasına və sağlam gələcəyə dair məsuliyyətli yanaşmanın formalaşmasına mühüm töhfə verib.








18 İyun 2026, 12:01 - 79
Paylaş: