"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Emin Tarverdiyev: Susdurulan xalqdan qalib millətə


20 Yanvar — millətimizin qeyrətinin, sınmayan iradəsinin və azadlıq eşqinin qanla yazılmış dastanıdır. O gecə Bakı küçələrinə girən tanklar yalnız şəhəri deyil, əsarətin son nəfəsini də əzdi. Şəhid olan hər bir vətəndaş Vətən torpağını öz canı ilə möhürlədi. O qan torpağa düşmədi — bayrağa çevrildi, and oldu, yol oldu!

İmperiya güllə ilə xalqı qorxutmaq istədi. Anaları balasız, evləri işıqsız, şəhəri sükuta qərq etdi. Televiziyanı susdurdu, həqiqəti qaranlığa gömdü. Amma bilmədilər ki, Azərbaycan xalqının qəlbində sönməyən bir məşəl var — Vətən sevgisi! O məşəl heç bir tankın altında əzilməz, heç bir güllə ilə söndürülməz!

20 Yanvar planlı bir vəhşilik, siyasi terror idi. Məqsəd milli oyanışı boğmaq, xalqın başını əymək idi. Amma baş əyilmədi! Əksinə, sinələr qalxdı, yumruqlar sıxıldı, ürəklər bir amal ətrafında birləşdi: Azad Azərbaycan!

Bu müqəddəs qan yaddaşı sonradan Qarabağ səngərlərində danışdı. Silahı az, imanı böyük oğullar Vətən torpağı uğrunda ölümə gülümsədilər. Biz itkilər verdik, yaralar aldıq, amma diz çökmədik! Çünki 20 Yanvar bizə öyrətdi: Vətən torpağı müqəddəsdir, onu yalnız can bahasına qorumaq olar.

Şəhidlər Xiyabanından qalxan ruh bizi Şuşaya apardı, Xankəndinə apardı, bayrağımızı ucaltdı, suverenliyimizi bərpa etdi. Bu zəfər təsadüf deyil — bu, şəhidlərin duası, xalqın birliyi, ordumuzun gücü, dövlətimizin iradəsidir!

20 Yanvar təkcə matəm deyil — and günüdür! O gün hər bir azərbaycanlı Vətənə sədaqət andı içdi. Biz şəhidlərimizin qanını yerdə qoymadıq. Onların əmanətini qoruyuruq: Güclü dövlət, qüdrətli ordu, bütöv Azərbaycan!

Bu xalq susdurula bilməz! Bu millət diz çökməz! Bu bayraq enməz! 

Çünki biz qalib xalqın övladlarıyıq!

 

 

Emin Tarverdiyev, "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri

17 Yanvar 2026, 19:41 - 5286

Paylaş: