Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Rusiya–Ukrayna müharibəsi Azərbaycan dövlətinin və xalqının müharibəsi deyil. Bu savaş yad maraqların, yad siyasi hesabların toqquşmasıdır. Azərbaycan bu münaqişədə tərəf deyil və olmamalıdır. Belə bir şəraitdə Şərur rayonundan olan bir şəxsin Rusiya ordusunun tərkibində həlak olmasından sonra onun məzar daşına “şəhid” sözünün yazılması və üzərinə Azərbaycan bayrağının taxılması artıq sadəcə yanlışlıq yox, son dərəcə təhlükəli presedentdir.
Şəhidlik anlayışı bu torpaqlarda təsadüfi formalaşmayıb. Bu ad illərlə çəkilən əzabların, Qarabağda tökülən qanların, 20 Yanvar gecəsi güllə altına gedən günahsız insanların, Vətən müharibəsində canını verən qəhrəmanların hesabına müqəddəsləşib. Şəhid - Azərbaycan dövləti uğrunda, onun suverenliyi və torpaqları naminə həlak olan insandır. Yad bir ölkənin ordusunda, yad bayraq altında ölən şəxsi eyni anlayışla təqdim etmək bu müqəddəs məfhumu ucuzlaşdırmaqdır.
Şəhid adının ucuzlaşması isə təkcə termin problemi deyil. Bu, milli şüurun aşınmasıdır. Bu gün sərhəd qoyulmasa, sabah istənilən müharibədə, istənilən orduda ölən hər kəs “şəhid” elan edilə bilər. Bu isə real şəhidlərimizin - Azərbaycan uğrunda can verən oğulların haqqına açıq hörmətsizlikdir.
Azərbaycan bayrağı da duyğusal yanaşmanın predmeti ola bilməz. O, dövlət rəmzidir. Rusiya ordusunun tərkibində döyüşən bir şəxsin məzarı üzərində Azərbaycan bayrağının nümayişi, istər-istəməz ölkəmizi bu müharibənin mənəvi tərəfi kimi göstərir. Bu isə həm siyasi, həm də milli baxımdan yolverilməzdir.
Ailənin acısı başa düşüləndir, insan itkisi hər zaman ağrılıdır. Lakin şəxsi kədər ümummilli anlayışları dəyişə bilməz. Dövlət rəmzləri və müqəddəs adlar hisslərlə deyil, məsuliyyətlə qorunur.
Şəhid adı toxunulmazdır. Onu hər ölənə vermək olmaz. Bu hədd keçilərsə, sabah cəmiyyət nə doğrunu, nə də yanlışı ayıra biləcək. Şəhid adını qorumaq isə əslində dövlətin, tarixin və milli ləyaqətin qorunması deməkdir.
Emin Tarverdiyev, "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri
22 Yanvar 2026, 18:25 - 236
Paylaş: