"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Emin Tarverdiyev: Meydan da böyüdü, rəqəmlər də


Sirr deyil ki, son illərdə elektron sistemin qurulması ilə QHT sektorunda müraciət prosesləri, sənədləşmə işləri onsuz da xeyli rahatlaşmışdı. Hər şeyi onlayn idarə edə, vaxt itirmədən işimizi qura bilirdik. Amma iyunun 22-də Nazirlər Kabinetinin təsdiqlədiyi 188 nömrəli qərar məsələni tam fərqli, daha böyük bir mərhələyə daşıyır. Bu dəfə söhbət sadəcə texniki rahatlıqdan yox, dövlət dəstəyinin miqyasından və sistemin bütövləşməsindən gedir.
​Prezidentin fərmanından irəli gələn bu yeni qayda ilə artıq "bir pəncərə" prinsipi tam gücü ilə işə düşür. Təsəvvür edin, 15 fərqli dövlət qurumu — nazirliklər, komitələr, mərkəzi strukturlar bundan sonra QHT-lərə qrant verəndə hamısı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə sıx koordinasiyada hərəkət edəcək. Vahid databaza qurulur. Bu o deməkdir ki, hansısa nazirlik bir mövzuda layihə verəndə, digəri eyni mövzunu təkrarlamayacaq. Hər şey milli prioritetlərə, ölkənin real ehtiyaclarına uyğun tənzimlənəcək. Yəni güclər və resurslar dağınıq yox, bir nöqtəyə vurulacaq.
​İndi gələk hamını maraqlandıran maliyyə tərəfinə. Rəqəmlər ciddi şəkildə artırılıb, dostlar. "Kiçik qrant"ın yuxarı həddi düz 30 min manat, səfər qrantları 15 min manat təyin olunub. "Böyük qrant"lar ise 30 min manatdan başlayır və maksimal məbləğ hər müsabiqədə donor qurumlarla birgə elan ediləcək. Dövlət faktiki olaraq bizə deyir: "Maliyyəni böyüdürəm, şəraiti yaradıram, buyurun, ortaya sanballı iş qoyun". Biz də "Vətən Bağı" olaraq hər zaman vurğulayırıq ki, dövlətin bu addımı milli dəyərlərə xidmət edən keyfiyyətli təşəbbüslərin miqyasını böyütmək üçün əsl fürsətdir.
​Amma bəxtimizə təkcə pulun artması düşməyib, tələblər də güclənib. Ekspertlər layihələri qiymətləndirəndə artıq sadəcə "tədbir keçirildi, bitdi" prinsipinə baxmayacaqlar. Sənin sahəvi qurumlarla, media ilə tərəfdaşlığın necədir? Ən əsası, gördüyün iş dövlətin strateji proqramlarına, yol xəritələrinə nə dərəcədə real töhfə verir? Bax, əsas buna xüsusi meyarlarla qiymət veriləcək.
​Yəni, əziz həmkarlar, meydan da rəqəmlər də böyüdü. Bu dəyişiklik fəaliyyətimizi daha səmərəli, nəticəyönümlü və ölçüləbilən edəcək. İndi növbə bizimdir; sadəcə qrant icra etmək yox, dövlətlə çiyin-çiyinə verib millət üçün real, qalıcı nəticələr ortaya qoymaq vaxtıdır. Yeni qaydalar hamımıza xeyirli olsun!

23 İyun 2026, 22:04 - 230

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar