Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
20 noyabr — Ağdam Şəhəri Günü… Bu gün yalnız bir şəhərin deyil, bir xalqın içində illərlə yığılan sükutun, ağrının, həsrətin azadlığa çıxmış halıdır.
Mənim Ağdamla ilk görüşüm 19 iyul 2022-ci ildə baş tutdu. Şəhid anaları, qazilər və dostlarla yola çıxanda hamımız hiss edirdik ki, bu səfər adi bir səfər olmayacaq. Hiss etdiyimiz qəribə titrəyiş Ağdamın viran edilmiş ruhunda cavabını tapacaqdı. Və ən önəmlisi – bu yola bizi Ali Baş Komandanın rəhbərliyi, Müzəffər Azərbaycan Ordusunun rəşadəti və şəhidlərimizin müqəddəs əmanəti aparırdı.
İmarətə çatanda avtobus dayanmadı, sanki vaxt özü dayanmışdı. Dostumuz, tarixçi alim Zaur Əliyev avtobusdan enən kimi hönkür-hönkür ağlamağa başladı. 29 il sonra geri qayıdan bir insanın içindən qopan səs idi bu: illərin həsrəti, dağıdılmış uşaqlıq xatirələri, talan və viran edilmiş bir şəhərin hayqırtısı. O, diz çöküb torpağı öpdü. Bu torpaq onun üçün sadəcə torpaq deyildi - həm xatirə idi, həm qaysaq bağlamış yara, həm də sağalmaq istəyən bir ruh. İmarətin dağıdılmış divarlarına əlini çəkəndə sanki 29 ilin tozunu barmaqlarının arasından hiss edirdi. Ağdam haqqında danışanda səsi titrəyirdi - tarixçi alim kimi yox, bu torpağın itirilmiş illərini içində daşıyan bir insan kimi. Onun o an heç nə deməyə gücü çatmırdı; danışdıqca boğazı düyünlənir, hər kəlməsi sanki daşıdığı yükü bir az da ağırlaşdırırdı.
Biz Cümə məscidinə, Şəhidlər xiyabanına, Şahbulaq qalasına keçdikcə hər kəsin içində ayrı bir sükut böyüyürdü. Amma ən ağır yük yenə də Zaur müəllimin çiyinlərində idi - çünki o, Ağdamın necə getdiyini görmüş, indi isə necə geri döndüyünü görürdü. Hər addımda şəhidlərimizin ruhunu, qazilərimizin qoyduğu izi, Ordumuzun Zəfər imzasını hiss edirdik.
2022-ci ilin 19 iyulundan sonra mən Ağdama neçə dəfə getdiyimi artıq özüm də xatırlamıram. Sayını itirmişəm. Amma hər dəfə yenidən qurulan Ağdamda o qədər yenilik görürük ki… Şəhər sanki hər səfərdə bir az da nəfəs alır, bir az da dirçəlir. Yollar, işıqlar, tikililər – hamısı bu torpağın yenidən ayağa qalxmasının canlı şahididir.
Bu gün Ağdam dirçəlir. 20 noyabrın Ağdam Şəhəri Günü kimi qeyd olunması təkcə rəsmi tarix deyil — bir xalqın qırılmış yaddaşının bərpası, qayıdışın tamamlanmasıdır.
Ağdam bir həqiqəti hamımıza göstərdi: İllər (oxu: ermənilər) dağıda bilər, amma torpağa qayıdan insanın göz yaşı o dağıntının üstündə yenidən həyat qurur.
Və biz qayıtdıq.
Şəhidlərimizin ruhuna hörmətlə, qazilərimizin qüruru ilə, Müzəffər Ordumuzun gücü və Ali Baş Komandanın iradəsi ilə.
Göz yaşlarımızla, qətiyyətimizlə, nəfəsimizlə.
Emin Tarverdiyev, "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri
20 Noyabr 2025, 1:03 - 4129
Paylaş: