Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:
“Biz təkcə XXI əsrin müharibəsini nümayiş etdirmədik, həm də dünyada misilsiz bir Qələbə qazandıq.”
Əzəldən Azərbaycan zəngin və strateji əhəmiyyətli ölkə kimi daim güclü işğalçıların diqqət mərkəzində olmuşdur. Lakin müxtəlif dövrlərdə minlərlə Azərbaycan oğlu öz Vətəni uğrunda düşmənlə mübarizəyə qalxaraq, ölkənin müstəqilliyini və azadlığını qəhrəmancasına müdafiə etmişdir. Onların igidliyi və fədakarlığı gələcək nəsillər üçün örnək olmuşdur. Vətənin müdafiəsində can qoyan bu qəhrəmanlar döyüş meydanlarında təkcə torpaqları qorumaqla kifayətlənməmiş, eyni zamanda hərbi sənətin incəliklərini də nəsildən-nəslə ötürmüşlər. Onların adları dastanlara, nağıllara, nəğmələrə çevrilmiş, xalqın yaddaşına qəhrəman kimi həkk olunmuşdur. Azərbaycan xalqı torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda şəhid olan qəhrəmanların xatirəsinə daim minnətdarlıq və ehtiramla yanaşır.
Bu yazımızda söhbət belə qəhrəmanlardan biri – Nicat Əkbərovdan gedir. Nicat 2001-ci ildə Azərbaycanın gözəl bölgələrindən biri olan İsmayıllı rayonunun füsunkar təbiətə malik Quşencə kəndində anadan olmuşdur. Təəssüf ki, gələcəyin qəhrəmanı Nicat uşaqlıqdan yetim qalmış, anasını erkən yaşlarında itirmişdir. Lakin o, yaxınlarının sevgisindən məhrum olmamışdır. Nicat və kiçik qardaşı nənəsi Səkinə Əkbərova və bibisi İradə Əkbərova tərəfindən böyüdülmüşdür. Bu fədakar qadınlar Nicatla qardaşına həm şəfqət, həm də milli-mənəvi dəyərlərlə dolu tərbiyə verməyə çalışmışlar. Onlar oğlanlara böyüklərə hörmət etməyi, adət-ənənələrə sadiq qalmağı və ən əsası Vətəni sevməyi öyrətmişlər.
Çağırış yaşı çatdıqda Nicat Azərbaycan ordusuna hərbi xidmətə yollanmış və qısa müddətdə hərbi sənətə böyük maraq göstərmiş, silahdaşlarının və komandirlərinin hörmətini qazanmışdır.Nicat və minlərlə digər azərbaycanlı gənc kimi o da 1990-cı illərdə düşmən tərəfindən işğal olunmuş torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyirdi. Nəhayət, 2020-ci il sentyabrın 27-də düşmənin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu "Dəmir Yumruq" əməliyyatına başladı. Nicat Əkbərov da müharibənin ilk günlərindən cəbhənin ön xəttində idi. O, Talış və Suqovuşan istiqamətlərində döyüşlərə qatılaraq əsl igidlik nümunəsi göstərmişdir.
Uzun illər ərzində düşmən dərin müdafiə xətləri, minalanmış sahələr və güclü istehkamlar qurmuşdu. Azərbaycan əsgərləri hər qarış torpağı qan bahasına azad edirdi. Suqovuşan istiqamətində gedən döyüşlər zamanı Nicat və silahdaşları düşmənin əsas dayaq nöqtələrindən birini darmadağın etdilər. Bu, İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun ilk böyük qələbələrindən biri oldu. Nicat bu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə ilk medalını aldı.
Suqovuşan uğrunda döyüşlərdəki uğurlar düşməni yanıldaraq diqqətini şimala yönəltdi. Bu isə Azərbaycan Ordusuna cənub istiqamətində – Cəbrayıl, Füzuli və Hadrutda sürətli irəliləyiş üçün geniş imkan yaratdı. Nicat da digər seçilmiş döyüşçülərlə birlikdə cəbhənin bu istiqamətinə göndərildi.
Cənub cəbhəsində hər addımda ölüm gözləyirdi – snayper güllələri, minalar, mərmi qəlpələri... Amma Nicat qorxmadan irəliləyir, işğaldan azad olunmuş torpaqlarda gizlənən düşmənləri zərərsizləşdirirdi. Bir döyüşdə Nicat düşmən tankını qumbaraatanla məhv etmişdi. Müharibənin sonuna yaxın – Laçın ətrafında gedən döyüşlərdə Nicat ağır qəlpə yarası almışdı. O, hospitala yerləşdirilsə də, ailəsinə bu barədə məlumat verməmiş, acısını içində saxlamışdı. Yalnız icazəli olaraq kəndə qayıtdığında yaxınları onun yaralandığını öyrənmişlər. Buna baxmayaraq, Nicat qısa müddətdə sağalıb yenidən hərbi hissəyə qayıtdı. Müharibənin başa çatmasından sonra xidmətini davam etdirdi. Bu dəfə o, Ermənistanla sərhəddə – Qaragöl yaxınlığındakı strateji mövqedə xidmət aparırdı.Düşmən təxribatları tez-tez baş verirdi. Nicat isə daim ayıq-sayıq idi, postları yoxlayır, kəşfiyyata çıxır və təhlükəli tapşırıqlara könüllü yazılırdı ki, silahdaşları riskə girməsin. Təəssüf ki, Ermənistanla sərhəddə xidmət zamanı Nicat faciəli şəkildə həlak oldu.
Qısa, lakin şərəfli ömrü ilə Nicat Əkbərov Vətənə, xalqa və şəhidlik andına sadiq qaldı. O, ulu öndər Heydər Əliyevin ideallarına sədaqətlə xidmət edən əsgər idi. Nicat hərbi xidmətində göstərdiyi şücaətə görə iki medalla təltif olunmuşdur. Təəssüf ki, hələlik şəhid statusu verilməmişdir. Amma onu böyüdən nənəsi və bibisi Nicatı şəhid sayır, onun xatirəsini hər zaman uca tutur. Nicat doğulduğu Quşencə kəndində dəfn olunmuşdur.
Azərbaycan xalqı qəhrəman övladlarını heç vaxt unutmayacaq. Nicatın adı da qəhrəmanlar sırasında daim yaşayacaq. Allah rəhmət eləsin! Qəhrəmanlar diyarı Azərbaycan daim var olsun!
Ceyhun İsmayılov,
fəlsəfə doktoru (sənətşünaslıq üzrə),
"Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun elmi işçisi
Paylaş: