Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 nömrəli tam orta məktəbin yaradılmasının 40 illiyi münasibətilə məktəbin pedaqoji kollektivi, məzunları və təhsil ictimaiyyətinə rəsmi ehtiram məktubu ünvanlanıb.
Təbrik məktubunun müəllifi məktəbin məzunu, “Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin sədri Emin Tarverdiyev dörd onillik ərzində bu təhsil ocağının minlərlə şagirdin dünyagörüşünün formalaşmasında, onların savadlı, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı vətəndaşlar kimi yetişməsində mühüm rol oynadığını qeyd edib.
Rəsmi məktubda məktəbin formalaşmasında böyük xidmətləri olan ilk direktor Məfkurə müəllimin pedaqoji fəaliyyəti və fədakar əməyinin bu gün də dərin hörmət və ehtiramla xatırlandığı bildirilib. Onun rəhbərliyi ilə qoyulan möhkəm təməlin bu gün də uğurla davam etdirildiyi xüsusi vurğulanıb.
Eyni zamanda hazırda məktəbə rəhbərlik edən Tahirə müəllimin timsalında pedaqoji kollektivin fədakar əməyinin, yüksək peşəkarlığının və təhsilə məsuliyyətli yanaşmasının məktəbin nüfuzunun daha da yüksəlməsinə xidmət etdiyi diqqətə çatdırılıb.
Emin Tarverdiyev məktubunda bu təhsil ocağının məzunu kimi burada qazandığı bilik və dəyərləri həyat yolunun ən mühüm mərhələlərindən biri hesab etdiyini bildirib, təhsilin cəmiyyətin inkişafında və milli şüurun formalaşmasında müstəsna rolunu xüsusilə vurğulayıb.
Sonda yubiley münasibətilə bütün müəllimlərə möhkəm cansağlığı, məsuliyyətli fəaliyyətlərində yeni uğurlar, şagirdlərə isə elm və biliklə zəngin parlaq gələcək arzulanıb. Qeyd olunub ki, Afiyəddin Cəlilov adına 12 nömrəli tam orta məktəb bundan sonra da ölkənin təhsil salnaməsində layiqli yerini qoruyub saxlayacaq.
18 Yanvar 2026, 15:02 - 2131
Paylaş: